Quşçuluq təsərrüfatında işçilərin hüququ POZULUR?

15:54 04.09.2025 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

Mütəxəsislər belə deyirlər ki, quşçuluq kənd təsərrüfatının ən çox yayılan sahələrindən biridir. Toyuq əti və yumurta gündəlik qida rasionumuzda əsas yer tutduğu üçün bu sahəyə həmişə böyük tələbat olur. Bu baxımdan, belə demək mümkündür ki, quşçuluqla məşğul olan sahibkarlar həm özlərinə gəlir qazanır, həm də əhalinin ərzaq təminatına töhfə verirlər. Bəs bu sahədə çalışan işçilərə iş saatı ilə bağlı hansı töhfələr verilir?

İşsizliklə mübarizə aparıldığı bir vaxtda işləyənlərin işəgötürənlər tərəfindən istismar olunması halları olsa da, bunlar güc-bəla ilə tapılan işi itirmək qorxusu ilə gizlədilir. Bəzi sahibkarlar işçilərinin iş itirmək qorxusundan sui-istifadə edərək, onları işlə daha çox yükləyir, üstəlik iş saatını da artırır. İşçi səsini çıxaranda isə “bizdə belədir, istəmirsənsə gedə bilərsən, nə çoxdur iş axtaran” deyə etinasızlığını göstərir.

Əmək Məcəlləsinə əsasən isə işçilər gündəlik 8 saatdan artıq işləməyə məcbur edilə bilməz. Əlavə iş saatlarına görə maaş mütləq artımla ödənilməlidir. Amma təəssüflər olsun ki, bir çox iş yerlərində, əsasən də təsərrüfat sahələrində bəzi hallarda işçiləri 8 saatdan çox işlədirlər.

Həmsöhbət olduğum quşçuluq təsərrüfatının bir neçə işçi xanımın da şikayətləri bu yöndədir. Amma onlar şikayətlənsələr də, bu problemlərdən sadəcə özlərinin də dediyi kimi, ürəklərini boşaltmaq üçün danışdılar. “Sən Allah yazma, olan bizə olacaq, işdən çıxarıb atacaqlar” təlaşı ilə söylənilənlər acı reallıq idi...

Ümumiyyətlə, işə götürənlə işə götürülən arasında sonradan yaranan narazılıqlara tez-tez rast gəlinir.

“İşçinin özü bu istiqamətdə aktiv olmalıdır”

Məsələ ilə bağlı hafta.az-ın sorğusunu cavablayan iqtisadçı deputat Vüqar Bayramov vurğulayıb ki, iş saatları və eyni zamanda over time - yəni iş saatlarından çox işləmək Əmək Məcəlləsi ilə tənzimlənir.

Əmək Məcəlləsinə diqqət çəkən deputat bildirib ki, əgər işçi qanunvericiliklə müəyyənləşdirilmiş iş saatlarından daha çox işləyirsə, o halda ona əlavə ödənişlər hesablanmalıdır:

“Məsələn, bunlardan vacib məqamlardan biri işçilərin əmək müqaviləsi ilə öz işlərini davam etdirmələridir. Bəzi hallarda əmək müqavilələrinin bağlanmaması işçinin əmək hüquqlarının qorunmasına imkan yaratmır. Ona görə biz, təbii ki, hər zaman tövsiyə edirik ki, işçilər əmək müqaviləsi bağlamaqda maraqlı olsunlar. Bununla bağlı məhz öz istəklərini daimi olaraq işə götürənə təqdim etsinlər. Bu həm onların əmək hüquqlarının qorunması baxımından vacibdir, həm də təbii ki, əmək pensiyası hüququ və eləcə də pensiya məbləğinə birbaşa təsir göstərən faktordur”.

V.Bayramov qeyd edib ki, qanunvericilik praktik olaraq beynəlxalq standartlara uyğun olan, işçilərin hüquqlarının qorunması ilə bağlı hüququ bazanı formalaşdırıb:

“Əsasən, işçilərin özünün bu istiqamətdə aktiv olması gərəkir. Əgər əmək hüquqları qorunmur, pozulursa mütəmadi uyğun dövlət qurumlarına, eləcə də əmək müfəttişliyinə müraciət etməlidirlər ki, onların hüquqları Əmək Məcəlləsi çərçivəsində və konstitusiyaya uyğun olaraq qoruna bilsin”.

“İşinizi sevin, işinizlə birgə işçinizi də sevin”

"Xəmsə quşçuluq” təsərrüfatının sahibi, Azərbaycan Quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiyasının sədri Mürvət Həsənli hafta.az-ın sorğusuna cavab olaraq bildirib ki, təsərrüfatları 2008-ci ildən fəaliyyət göstərir və indiyədək heç bir işçiyə qarşı haqsızlıq edilməyib.

İşçilərinin iş saatına aydınlıq gətirən M.Həsənli sahibkarı olduğu təsərrüfatda belə bir vəziyyətin yaşanmadığını dedi:

“Bizim təsərrüfatımızda iş saatları adətən səhər saat 08:00-da başlayır, axşam 17:00-da bitir. Nahar vaxtı 13:00-dan 14:00-a kimidir. Bizdə iş saatı rejiminə ciddi riayət edilir. Yəni damazlıq təsərrüfatında məsələn, saat səhər 08:00-da iş başlayır, 16:00-da bitir. Ət istehsalı ilə bağlı olan sahələrdə də əgər növbəli iş rejimi olarsa, 08:00-dan 17:00-dək, kəsim olduqda isə ikinci növbənin işçiləri saat 17:00-dan axşam saat təxminən 11:00-a -dək iş bitir. Yəni iş saatımız 8 saatı keçmir”.

M.Həsənli Prezident İlham Əliyevin iş saatı ilə bağlı zamanında səsləndirdiyi fikirlərə də diqqət çəkib:

“Prezidentin sahibkarların fəaliyyətlərini qanunvericiliyə uyğun qurmaları ilə bağlı söylədiklərinə bizim təsərrüfat sahəmizdə tam əməl edilir. İşçilərimizlə əmək müqavilələrimiz də var. Bundan əlavə, iş saatından çox işləyənlərə maaşlarında artımlar edilir. Yəni işimizə elə ölkə başçımızın tələb etdiyi qaydada yanaşırıq. Düşünürəm, öz haqqını, hüququnu bilən işçi heç vaxt istismar edilməsinə yol verməz. Mən öz işçilərimizlə bağlı dəqiq deyə bilərəm ki, onlara qarşı heç bir iş rejimi pozuntusuna yol verilməyib. Bizim 8 saatlıq iş günümüz var, heç kim ondan artıq işləmir. Yəni ən azından mən sahibkar olaraq təsərrüfatımda buna yol vermərəm”.

Sahibkar qeyd edib ki, ümumiyyətlə, işinin peşəkarı olan, məqsədlər uğrunda bu sahəyə üz tutan şəxslər uğur əldə etmək istəyirlərsə, ilk növbədə çalışmalıdırlar ki, işçilər narazı qalmasın:

“Mən bir mütəxəssis kimi bu sahəyə yeni başlayan həmkarlarıma deyərdim ki, işinizi sevin, işinizlə birgə işçinizi də sevin. Uğur qazanmağın əsas amillərindən biri məhz budur”.